VI Müzakirə

VI Müzakirə

    AZƏRBAYCAN MƏTBUATI İQTİSADİ PROSESLƏRƏ TƏSİR EDƏ BİLİRMİ?

    Beynəlxalq Mətbuat Mərkəzində «Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəzinin təşkilatçılığı ilə «Media sektorunun iqtisadi inkişafa təsiri» mövzusunda müzakirə keçirildi.
    Tədbiri QASİM-in həmsədri Anar Əsədov açdı: «Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi yarandığı bir il ərzində mütəxəssislərin iştirakı ilə müntəzəm olaraq bir çox mövzuların müzakirəsini təşkil edir və ictimaiyyətin diqqət mərkəzinə çatdırır. Adətən bu növ müzakirələri Mərkəzimizin nəzdində fəaliyyət göstərən «Şənbə Klubu»nda həyata keçirsək də, bu dəfə mövzumuz media ilə sıx bağlı olduğu üçün müzakirəni daha geniş formatda, media təmsilçilərinin iştirakı ilə keçirmək qərarına gəldik. Təsadüfi deyil ki, media IV hakimiyyət adlanır. Onun təsirini siyasətdə, iqtisadiyyatda, ictimai proseslərdə aydın sezmək olur. Görəsən media bu problemlərin aradan qaldırılmasında, bu sektorların inkişafında nə kimi rol oynayır və oynaya bilər? Müzakirəni təşkil etməkdə məqsədimiz də bu sualın cavabını tapmaqdır. Mövzumuz «Media sektorunun iqtisadi inkişafa təsiri» adlanır. Mövzu ilə bağlı öncə iqtisad elmləri doktoru, professor, QASİM-in Baş elmi məsləhətçisi Zahid Məmmədov məruzə edəcək, ondan sonra isə tədbirin digər təşkilatçıları da öz fikirlərini paylaşa bilərlər».
    Tədbir iştirakçılarını salamlayan professor Z.Məmmədov məruzəsinə «Nədən media ən aktual iqtisadi sektor olaraq qalmaqdadır?» sualı ilə başladı: «İnkişaf etmiş ölkələrdə 1985-2000-ci illər ərzində Ümumi Daxili Məhsulun artımı 4-5 faiz olduğu halda media sektoruna yönəlik investisiyaların həcmi 50-60 faiz artmışdır. Media sektoru artıq iqtisadi nəzəriyyələrdə mühüm yer tutmaqdadır. Çünki iqtisadi təfəkkürün formalaşmasında media ən önəmli alətlərdən biridir. Araşdırmalar sübut edir ki, müasir dünyada iqtisadi proseslərə rasional qərarlardan daha çox, emosiyalara söykənən amillər təsir edir. Medianın təsiri də bu qəbildəndir.» Daha sonra məruzəçi medianın iqtisadi proseslərə təsirinə örnək olaraq Avropa ölkələrindən və ABŞ-dan çoxsaylı misallar gətirdi. «Avropa qəzetlərinin ilk öncələr avroya skeptik yanaşmasının nəticəsində bu valyutanın dəyərində ABŞ dollarına nisbətdə kəskin azalmalar müşahidə olunmuşdu. Təbii ki, bu, bayaq dediyim kimi, hansısa fundamental qərarların sonucu yox, medianın emosianal yanaşmasının nəticəsiydi».
    Z.Məmmədov Azərbaycanda medianın iqtisadi inkişafa təsirinin az sezilməsinin çoxsaylı səbəblərindən biri kimi qəzetlərdə peşəkar iqtisadiyyat yazarlarının azlığını göstərdi.
    Sonra söz alan millət vəkili Vahid Əhmədov da öz çıxışında bütün dünyada iqtisadiyyatın digər sahələrə nisbətdə önə çıxdığını və artıq bu prosesin Azərbaycanda da başlandığını söylədi: «90-cı illərin əvvəllərində müəyyən siyasi çevrilişlər-filanlar siyasəti ön plana çıxarmışdı. Amma bu gün artıq bizdə də iqtisadiyyat daha vacib mövqelər əldə edib. Amma media hələ tam bunun fərqində deyil. Məsələn, televiziyalarımızda siyasət, şou və mətbəx verilişləri daha çox yer tutur. Azərbaycanda iri iqtisadi layihələrin işə düşməsi tədricən insanların baxışlarını siyasətdən iqtisadhiyyata yönəldir. Artıq bir neçə ildən sonra ölkədə siyasətlə çox az adam maraqlanacaq. Media da buna hazır olmalıdır. Məsələn, büdcədən yazırlarsa, onu təhlil etməyi də bacarmalıdırlar.»
    Tanınmış telejurnalist Qulu Məhərrəmli isə çıxışında Azərbaycanda mətbuatın heç bir prosesə təsir edə bilmədiyini vuruğuladı: «Səbəbi isə mətbuatın öz vəziyyəti ilə bağlıdır. Bir kədərli faktı nəzərinizə çatdırım: bu gün Azərbaycan əhalisinin yalnız 3 faizi informasiyanı qəzetlərdən alır. Müqayisə üçün deyim ki, Türkiyədə «Zaman» qəzetinin gündəlik tirajı 470 mindir. Bu isə Azərbaycanda bütün qəzetlərin ümumi tirajından iki dəfə çoxdur. Amma bədbin olmaq da lazım deyil. Bizdə də yaxşı iqtisadi yazarlar var, çox aktual məsələrərə toxunurlar. Sadəcə, bu, sistemli deyil. Ümumiyyətlə, bəla orasındadır ki, bu gün jurnalistin yazısına əhəmiyyət verən yoxdur. Jurnalistə də stimul lazımdır.».
    «Milli yol» qəzetinin redaktoru Elnur Astanbəyli hakimiyyət və media münasibətlərinin düzgün qurulmadığını bildirdi: «Ölkədə iqtisadi sahələr monopoliya altındadır. Onlar öz işini artıq başqa cür qururlar. Fikirləşirlər ki, əgər vaxtlı-vaxtında lazımi yerlərin «haqq»ını çatdırsalar, mətbuatın nə yazmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda iqtisadiyyat şəffav olmayınca, medianın ona təsirindən də danışmaq gülünc olar.»
    QASİM-in həmsədri A.Əsədov Türkiyənin «Hürriyyət» qəzetindən bir köşə yazarının «Sabah» qəzetinə 1 milyon 150 min avroya transfer olunması faktını xatırladaraq, Azərbaycanda jurnalistə, köşə yazarına hansı dəyərin verildiyi sualını bir daha qabartdı və çıxış üçün sözü tanınmış köşə yazarı Hacı Zaminə verdi.
    H.Zamin savadlı iqtisadi yazarların olmaması ilə bağlı söylənənlərə münasibət bildirdi: «Mən sualı başqa cür qoyardım: Bizdə iqtisadiyyatı bilən alimlər varmı? Son vaxtlır hansı konseptual, fundamental kitablar yazıblar? Mən özüm iqtisadi təhsil almışam, amma bizə tədris olunan kitabların heç birisinin müəllifi azərbaycanlı deyildi. Digər tərəfdən, biz hələ bilmirik ki, bizdə hansı iqtisadi modeldir. Bunu təyin etmişikmi?».
    Tədbirin digər bir iştirakçısı Aydın Xan isə Azərbaycan jurnalistikasındakı vəziyyəti bir cümlə ilə belə qabartdı: «Azərbaycanda baş redaktorlar «cip»də gəzir, jurnalist isə metroya düşməyə pul tapa bilmir».


A PHP Error was encountered

Severity: Core Warning

Message: PHP Startup: Unable to load dynamic library '/usr/local/lib/php/extensions/no-debug-non-zts-20100525/imagick.so' - libMagickWand.so.2: cannot open shared object file: No such file or directory

Filename: Unknown

Line Number: 0

Backtrace: